Azərbaycan Respublikasının 26
noyabr 1991-ci il (№279-XII) Qanunu ilə yaradılmış Xocalı rayonu, 1930-1978-ci
illərdə Xankəndi rayonunun, 1978-1991-ci illərdə isə Əsgəran rayonunun
tərkibində olmuşdur. Azərbaycan Respublikasının Xocalı rayonunun mərkəzi Xocalı
şəhəridir. Xocalı şəhəri Yuxarı Qarabağın dağlıq hissəsində, Şuşa şəhərindən 18 km, Xankəndindən 12 km şimal-şərqdə, üç çayın
– Qarqar, Xocalı və İlis çaylarının qovşağında, Ağdam-Şuşa-Laçın yolunun
üstündə, Xankəndi və Əsgəran arasındakı geniş bir ərazidə, hər tərəfdən dairəvi
əhatə olunmuş Qarabağ dağ (Kiçik Qafqazın Kirs və Qırxqız dağları) silsiləsində
yerləşir. Ümumilikdə, Xocalı rayonu Kiçik Qafqazda, Qarabağ silsiləsinin şimal
şərq yamacındadır. Xocalı yaşayış məntəqəsi Xocalı nəslinə mənsub ailələr
saldığı üçün belə adlandırılmışdır. Xocalı adına Azərbaycanın digər ərazilərində
də, rast gəlmək mümkündür. Belə ki, Salyan rayonu ərazisində kənd, Xocavənd
rayonu ərazisində çay, Fizuli rayonu ərazisində dağ adları Xocalı adını
daşıyır [2, s.248]. Qırxqız dağından (hündürlüyü 2827 m.) Ağdama, Xankəndidən
Bozdağa, Meydandan (Qırxqız ətəklərindən) Kətiyə qədər geniş, münbit torpaq və
otlaq sahələri xocalıların ulu babalarının yurd yerləri olub. 2006-cı il 1
yanvar məlumatına görə Xocalı rayonunun sahəsi 936 kvadrat kilometr, əhalisi
25 min nəfər olmuşdu [1, s. 859].
Xocalı rayonuna – Xocalı
şəhəri, Əsgəran qəsəbəsi, Xocalı, Cəmilli, Meşəli, Dağyurd, Seyidbəyli, ballıca, Xanyurdu, Mehdibəyli,
Harov, Dağdağan, Daşbulaq, Qayabaşı, badara,
Xanyeri, Suncinka, Qarabulaq, dəmirçilər,
Mədədkənd, Quşçubaba, Qızıloba, Haçmaç, Aşağı Yemişcan, Cəmilli, Kosalar,
Başkənd, Cavadlar, Yalobakənd, Canhəsən, Naxçıvanlı, Daşkənd, Muxtarkənd, şuşakənd, Sığnaq, Çanaxçı, Daşbaşı,
Fərrux, Pirlər, Qarakötük, Almalı, Aşağı Qılıncbağ, Ağgədik, Xanabad, Şəlvə, qışlaq, Sərdarkənd, təzəbinə, Dəhrəz, Ağbulaq, Aranzəmin,
Pircamal kəndləri daxildir.
Xocalı rayonunun relyefi,
əsasən dağlıq, mərkəzi hissədə isə düzənlikdir. Düzənlik hissədə Xankəndi
çökəkliyi, dağlıq hissədə Qızqala (2843 m) və Qırxqız (2827 m) dağları yerləşir.
Ərazidə Yura, Tabaşir, dağətəyi çökəkliklərdə və dağətəyi düzənliklərdə
Antropogen çöküntüləri yayılmışdır. Rayon ərazisində gil, qum, çınqıl, gillicə,
mərmər və digər faydalı qazıntı yataqları var. Rayonun yüksək əraziləri istisna
olmaqla, iqlimi mülayim istidir. Orta temperatur yanvarda – 0-2 selsi, iyulda
+20 +22 selsi dərəcədir. İllik yağıntının miqdarı 600-800 milli metrdir.
Qarqar, Badara, İlis, Xocalı çayları rayon ərazisindən keçir. Rayonda əsasən
dağ-meşə, dağ-çəmən torpaqları yayılmışdır. Meşələri vələs, palıd, fıstıq, çökə,
ağcaqayın, göyrüş, qarağac və digər ağaclarla zəngindir. Rayonun yüksək dağlıq
sahələrində subalp və alp çəmənlikləri yayılmışdır. Ərazinin 40 faizi
meşələrdən ibarətdir. Ərazidə ayı, qaban, vaşaq, canavar, meşə pişiyi, tülkü,
dovşan, cüyür, dağkeçisi və digər heyvanlar, kəklik, turac, qırqovul,
göyərçin, qartal, quzğun və başqa quşlar yaşayır. Çox təəssüflər olsun ki,
rayonun erməni vandalları tərəfindən işğalı ilə faydalı qazıntılar qəddarcasına
mənimsənilir, nəsli kəsilməkdə olan heyvanlar, ovlanır, adı qırmızı kitaba
düşən nadir ağaclar doğranaraq Ermənistana daşınır.
Xocalı, əsasən kənd
təsərrüfatı rayonudur. Rayonda heyvandarlıq, üzümçülük, taxılçılıq,
tərəvəzçilik, meyvəçilik inkişaf etmişdir. Burada dənli və dənli-paxlalı
bitkilər (buğda, arpa və s.), tərəvəz, kartof, yem bitkiləri əkilirdi.
Təsərrüfatlarda üzüm, meyvə yetişdirilir, əhali quşçuluq və baramaçılıqla
məşğul olurdu. Rayonda 11 orta məktəb, 1 ibtidai məktəb, uşaq yaradıcılıq
mərkəzi, 3 musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, 20 klub, 29 kitabxana,
mərkəzi rayon xəstəxanası, 13 tibb müəssisəsi var idi [1, 859]. Bu gün, xalqımızın
zəhməti ilə dövlətimizin böyük maliyyə vəsaiti hesabına yaradılmış nəhəng
infrastruktur erməni vandalizminin qurbanına çevrilmişdir. Azərbaycanın qədim
tarixə malik Xocalı ərazisi, Şuşadan sonra ermənilərin müxtəlif ərazilərdən
köçürülərək məskunlaşdıqları kəndlərin əhatəsində yerləşən ən böyük və qədim
türk yaşayış məskəni olmuşdur.
Azərbaycanın qədim yaşayış
məskəni olması, azərbaycanlıların bölgədə say üstünlüyü ilə yaşaması, mühüm
çayların ərazidən axması, Dağlıq Qarabağın yeganə hava limanının məhz burada
yerləşməsi, Arandan Dağlara gedən köç sürülərinin Xocalıdan keçməsi, rayonun
Əsgəranla Xankəndi arasında yerləşməsi Xocalının strateji əhəmiyyətini
artırmış və mənfur siyasət sahiblərinin diqqətindən yayınmamışdır. Bütün
bunlarla yanaşı erməni cəlladlarının məkrli bir niyyəti “dənizdən-dənizə Böyük Ermənistan”
yaratmaq olmuşdur ki, Xocalı kimi qədim türk diyarının mövcudluğu bu “plan”a
maneə olurdu. Məhz bütün bunlara görə, erməni vandalları Xocalı şəhərində
tarixdə misli görünməmiş soyqırımı törətdilər. Qədim türk diyarını dünya
xəritəsindən silmək məqsədilə xalqımızın başına müsibətlər gətirildi. Şəhər
yerlə yeksan edildi, 700-ə yaxın azərbaycanlı ağır işgəncələrlə öldürüldü,
Xocalı əhalisi qaçqınlıq, köçkünlük, didərginlik həyatını yaşamalı oldu.
Xocalı Azərbaycanın qədim
yaşayış məskənidir. Ərazinin əlverişli təbii coğrafi şəraitə malik olması uzun
bir dövrdə ulu əcdadlarımızın burada düşərgə salmasına, yaşamasına imkan yaratmışdır.
Ərazidə aparılan arxeoloji tədqiqat işləri nəticəsində son Tunc və ilk Dəmir
dövrünə (e.ə. XIII-VII əsrlərə) aid arxeoloji abidə Nekropol, Daş qutu və
kurqanlar, 1356-1357-ci illərə aid Dairəvi Türbə, XIX əsrə aid memarlıq
abidələri, “Xocalı Qəbiristanı” və oradakı müxtəlif tipli saxsı qablar,
silahlar, qızıl və tuncdan hazırlanmış bəzək əşyaları, tunc alətlər və digər
qədim maddi-mədəniyyət nümunələri aşkar edilmişdir ki, bütün bunlar ulu
əcdadlarımızın Xocalı ərazisində qədimdən yaşadığını sübut edir [10, s.61].
Yeri gəlmişkən onu da qeyd
edək ki, Xocalıda qədim abidələrin öyrənilməsi işi XX yüzilliyin əvvəllərinə
təsadüf etmişdir. Qarabağ abidələrini öyrənən Alman tədqiqatçısı Emil Resler,
rus şərqşünası M.Xankov, ingilis alimi F.Bajer, fransız şərqşünası A.Berje
buradakı arxeoloji abidələrlə tanış olmuş və təəssüflər olsun ki, buradan tapılmış
eneolit, tunc və dəmir dövrünə aid əşyaları öz ölkələrinə aparmışlar.
Azərbaycanlı tədqiqatçı alim Ə.Ələkbərovun ərazidə apardığı tədqiqat işləri
böyük əhəmiyyət kəsb etmişdir. Azərbaycanın görkəmli aliminin qənaətinə görə
Xocalı abidələri bütün Azərbaycan abidələrini öyrənmək üçün açar rolunu
oynayır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə keçən əsrin 70-ci
illərində Xocalı abidələri tədqiq edilmiş və ərazidə qədim və orta əsrlərə aid
28 abidənin olması aşkar edilmişdir. Tədqiqatlar nəticəsində tunc dövrünə aid 8
kurqan və nekropol, dəmir dövrünə aid 5 qəbir və kurqan, orta əsrlər dövrünə aid
9 məbəd, IX-XVIII əsrlərə aid 5
qala, XIV əsrə aid türbə aşkarlanaraq öyrənilmişdir ki, bütün bunlar
Vətənimizin tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edirdi. Lakin çox
təəssüflər olsun ki, 1992-ci ilin fevralında erməni və rus ordusunun birləşmiş
qüvvələri Xocalıda əhalini vəhşicəsinə qırarkən bəşəriyyət üçün nadir abidələr
toplusu olan zəngin Xocalı abidələrini də dağıtdılar.
Xocalının
gözəl təbii və coğrafi şəraiti - bol sulu çaylarının, buz bulaqlarının, əkin
üçün yararlı münbit torpaq sahələrinin, maldarlıq üçün otlaq sahələrinin zəngin
flora və faunasının, bir sözlə, həyat üçün lazım olan bütün təbii şəraitinin
olması ərazidə qədimdən ulu əcdadlarımızın məskən salmasına səbəb olmuş,
minilliklər boyunca bu ərazidə əcdadlarımız qurub yaratmışlar. Xocalı ərazisində tapılan, qədim türk soylarına məxsus olan tarix
və mədəniyyət abidələri buna parlaq misaldır. Xocalı
abidələr kompleksi
bizə ulu əcdadlarımızdan, babalarımızdan miras qalmış yadigardır. Bu abidələr
qədim ulu tariximizin canlı nümunələridir.
Xocalı ərazisindəki son tunc, erkən dəmir dövrünə aid edilən 5 adda 11 nəhəng kurqan, torpaq
və daş kurqanlar, irili xırdalı böyük əraziləri tutan nisbətən yastı torpaq
kurqanlar ərazidə yaşayan qədim türk tayfalarının əli ilə bünövrə tutaraq yüzilliklər
boyunca salınan möhtəşəm abidələrdir. Xocalı ərazisindəki e.ə. VIII-Vıı əsrlərə aid olan abidələr əsasən daş
qutu qəbirlərdən, daş sənduqələrdən, daş kitabələrdən, nekropoldan, daş siklop
tikililərdən-qalaçalardan, 5-10 ton ağırlığında sivri yonulmuş bir neçə metr
hündürlükdə olan heykələbənzər daş abidələrdən – menhirlərdən, dairəvi düzülmüş
bir neçə dik və onların üzərinə qoyulmuş köndələn daşdan – kromlexlərdən
ibarətdir.
Xocalı
ərazisində – Qarqar çayının sol sahilində Fərəcanlı adlanan böyük bir sahədə,
tarixi mənbələrə əsasən qədimdə mövcud olmuş, lakin naməlum səbəbdən batmış,
torpaq altında qalmış Fərəcan şəhəri olmuşdur. Məlumatlı yerli sakinlərin
sözlərinə görə indiki Laçın rayonunun inzibati ərazisinə daxil olan, Kirs
dağının ətəyində yerləşən Fərəcanlı kəndinin əhalisi vaxtilə məhz buradan
köçmüş insanlar olmuşdur. Belə ki, Xocalı ərazisində salınmış Fərəcanlını “Aran
Fərəcanlısı”, Laçın rayonunun inzibati ərazisinə aid olan Fərəcanlını isə “Dağ
Fərəcanlısı” da adlandırmaq olar. Hətta işğala qədərki vaxtlaradək Laçının
Fərəcanlı kəndinin camaatı Xocalı Fərəcanlısının mövcud olduğu yerləri ziyarət
edərək öz ata- babalarının ruhlarını yad etmişlər. Həmçinin sonrakı dövrlərdə
həmin ərazidən keçən dəmir yol xəttinin inşası zamanı torpağın altından çoxlu
sayda qızıl küpləri və digər qiymətli əşyaların çıxması oranın qədim yaşayış
məskəni olmasının sübutudur. Həmin vaxt qeyd olunan ərazidən o qədər qızıl və
digər qiymətli əşyalar çıxmışdır ki, dəmir yolunun çəkilişinə çəkilmiş xərclər
burdan əldə edilmiş vəsaitin hesabına ödənilmişdir. Bundan başqa, Xocalı və
İlis çaylarının arasındakı üçbucaqda, Yerli Xocalıdan 1-2 km yuxarıda çox böyük bir ərazini
tutan Uzərliktəpə kurqanı yerləşir. Xocalı ərazisində ulu babalarımızın tanıdığı və yaşayıb
yaratdıqları kənd, Xocalıdan 10-12
km şimal-qərbdə Sarı Qaya adlanan nəhəng kurqanın və
İlis çayının sağ sahilində yerləşən Qədim Xocalı-Qışlaq adlanan kənd olmuşdur.
Bu kənd Xocalıda ən qədim kənd olmuşdur. Kəndin yaxınlığında ulu əcdadlarımızın
uyuduğu, yaşı 3500-4000 il olan qədim qəbiristanlıq var idi. Burada daşdan
yonulmuş yazısız abidələr - qoç, öküz, bayquş, yəhər, nəhrə və digər şəkilli
abidələr də olmuşdur (Bunların çoxu ermənilər tərəfindən oğurlanmış, məhv
edilmişdir). Kənd əhalisinin adı Qarabağ xanəndələrinin və şairlərinin dilindən
heç zaman düşməyən, ilin bütün fəsillərində başı qarla örtülü olan Qırxqız
dağının ətəklərində “Meydan” adlanan, böyük bir ərazini tutan yaylaq yerləri
var idi. Kənd əhalisi mal-qarasını, qoyun sürülərini yay aylarında yaylaqda (Meydanda) payız, qış mövsümünü isə Qışlaqda keçirərdi. Meydanda hər
bir Qışlaq (Qədim Xocalı) ailəsinin öz yurd yeri – yaylaq yeri var idi.
Beləliklə,
Qədim Xocalı kəndi – Qışlaq kəndi Daşbulaq kəndinin yaxınlığından
İlis çayının
mənbəyinə doğru, Sarıqaya Kurqanının sağ yamaclarına qədər geniş bir ərazidə
yerləşirdi. Bu yerlər sonralar ermənilər tərəfindən
vəhşicəsinə mənimsənilsə də, dədə-babalarımıza – Azərbaycan türklərinə
məxsus olan bəzi qəbirlər və bəy babalarımızın nəhəng evlərinin qalıqları
son zamanlaradək həmin yurd yerlərimizdə dururdu.
XIX
əsrin əvvəllərində Azərbaycan torpaqları bölüşdürüldükdən – bədnam 1813-cü il
Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən və 1828-1832-ci illərdə
rus-türk müharibələrindən sonra ruslar tərəfindən Azərbaycana, onun dilbər
guşələrindən biri olan Qarabağa köçürülən on minlərlə erməni ailəsinin böyük
bir qismi Xocalıda yerləşdirilmişdir. Onlar Xocalı bəylərinin bərəkətli
torpaqlarında – Noraguğ, Xanabad, Seyidbəyli, Şəlvə, Xındırıstan, Bəddərə,
Daşbulaq, Mehdikənd, Sərdarkənd, Əsgəran, Naxçıvanik, Aranzəmin, Pircamal,
Çanaqçı, Ballıca, Xənəzək və digər kəndlərdə məskunlaşdırılmışdır. Tədqiqatlardan
məlum olur ki, bu kəndlərin hamısı keçmiş zamanlardan qədim Qışlaq kəndinin
ətrafında salınmış türk kəndləri, əhalisi də türk mənşəli olmuşdur. Ermənilər
öz havadarlarının köməkliyi ilə zaman-zaman Qarabağın digər yerlərində olduğu
kimi, burada da ulu babalarımızın torpaqlarını mənimsəyərək özününküləşdirmiş,
qədim tarix və mədəniyyət abidələrimizi dağıtmış, onların izini tariximizdən
silməyə çalışmışlar.
XX əsrin əvvəllərində Qarabağ ərazisində
ermənilərin törətdikləri kütləvi qırğınlar Xocalıların yaşadığı qədim Qışlaq kəndindən də yan keçməmişdir. Belə ki, 1905-1907-ci illərdə
xocalıların qədim Qışlaq kəndi qismən, 1915-ci ildə isə tamamilə dağıdılıb
yandırılmışdır. Sağ qalmış əhali o dövrdə kənd ağsaqqalı Səfiyar bəyin
başçılığı ilə Qışlaqdan Şuşanın Malıbəyli kəndinə pənah gətirmiş, orada bir
neçə gün qaldıqdan sonra əhali Ağdamın Gülablı kəndinə köçərək həmin rayonun
Tərnəgül və Kəngərli kəndlərində məskunlaşmışlar. Üç ilə yaxın bir müddətdə bu
məskunlaşma davam etmiş və yerli əhali ilə qismən qaynayıb-qarışmışlar. Şimali
Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan sonra Əsgəran qalası yaxınlığında,
silahlanmış erməni daşnaklarına rəhbərlik edən Dəli Qəzərin dəstəsi, Osmanlı
və Qafqaz İslam Ordusu tərəfindən darmadağın edildikdən sonra 1918-ci ilin
iyul-avqust aylarında xocalılar yenidən Xocalıya qayıtmışlar. Lakin qədim
Qışlaq kəndindən əsər-əlamət qalmadığını görən Xocalı əhalisi Səfiyar bəyin
göstərişi ilə İlis və Xocalı çaylarının qovşağında əmələ gələn üçbucaqda yeni
Xocalı kəndinin əsasını qoyurlar. Çünki, ermənilər sonralar Qışlaq kəndini və
həmin kəndin yaxınlığındakı qədim qəbiristanlığı dağıdaraq yox etmiş, onların
yerini əkin sahəsinə çevirmiş və həmin ərazidə “Sunçinka” adlanan donuzçuluq
kompleksi salmışdılar. Ulu babalarımız tərəfindən salınmış bu kənd
Yeni Xocalı adlandırılmışdır.
1920-ci
il aprel işğalından sonra Qarabağdakı torpaqlarımızın bir hissəsi yenidən
erməni kəndlərinə (Noraguğ, Daşbulağ, Əsgəran, Mehdikənd, Harov, Kətik,
Naxçıvanik, Badara və ş.) verilərək Xocalının ərazisi süni surətdə yenidən kiçilmişdir. Beləliklə, Xocalı Yuxarı Qarabağda böyük bir
ərazinin adıdır. Bu ərazidə olan bütün tarix və mədəniyyət abidələri müxtəlif
tipli olmaqla müxtəlif dövrlərə aiddir. Ərazinin nə vaxtdan Xocalı
adlandırılması məlum deyil. Xocalıda tapılan qiymətli əşyalar, o cümlədən əqiq
muncuqlar – üzərində mixi yazı ilə Assuriya hökmdarları Adadnerarinin (e.ə.
VIII-VII əsr) adı yazılmış əqiq muncuq, şirli qablar, silindr şəkilli möhürlər,
müxtəlif qızıl məmulatları, sədəfdən, fil sümüyündən hazırlanmış zinət
əşyaları, molyuskların çanaqları və s. göstərir ki, hələ qədim dövrdə Xocalıda
yaşayan əcdadlarımız ətraf aləmdən təcrid edilmiş halda deyil, Yaxın Şərq və Ön
Asiya ölkələri ilə ticarət əlaqələrində olmuşlar. Xocalıda olan qədim tarix və
mədəniyyət abidələrinin böyük əksəriyyəti dəfn abidələri olub son tunc, erkən
dəmir dövründə yaşayan əcdadlarımızın dini və axirət dünyasına olan baxışlarını
ifadə edir. Bu abidələr, həmin dövrdə yaşayan bəşər övladının həyat tərzini,
məşğuliyyətini, ictimai dünyagörüşünü əks etdirir.
Xocalı abidələri dini mərasimlər,
ayinlər, ibtidai memarlıq və incəsənət, təsərrüfat və sənətkarlıq sahələri
haqqında qiymətli mənbədir. Xocalı abidələr kompleksi Qarabağda mövcud olan
qədim abidələr silsiləsində özünəməxsus yer tutur. Xocalıya, burada olan qədim
qəbiristanlıqlara, daş ibadətgahlara, övliyalara, müqəddəs sayılan
insanların, görkəmli şəxsiyyətlərin, din xadimlərinin dəfn olunduğu yerlərə
müqəddəs ocaqlara, ziyarətgahlara, müxtəlif tarixi dövrlərdə yaşamış
seyidlərin qəbirlərinə görə müxtəlif tarixi dövrlərdə “müqəddəs yurd yeri”,
kimi baxılmışdır.
Apardığımız tədqiqatlardan
məlum olur ki, orta əsr mənbələrində Xocalı ərazisi “Müqəddəs Yurd”, “Müqəddəs
Qərb” adlandırılmışdır. Ona görə də ərazinin Xocalı adlandırılmasını
birmənalı şəkildə belə şərh etmək olar. Xoca – türk sözü olub, türkdilli xalqların dilində “hörmətli”, “möhtəşəm” və
“müqəddəs” şəxslərə deyilir. Buradakı “lı” şəkilçisi el, oba, yer, yurd,
məkan mənasını ifadə edən mənsubiyyəti bildirir. Odur ki, bütün bunları
nəzərə alaraq deyə bilərik ki, Xocalı – müqəddəslərin uyuduğu diyar, müqəddəs yurd, məkan,
yer mənasını verir. Əfsuslar
olsun ki, sovetlər dövründə Xocalıda aşkar olunmuş qiymətli maddi mədəniyyət
nümunələrinin əksəriyyəti bir qayda olaraq öz muzeylərimizdə deyil, Moskva,
Sankt-Peterburq, London, Paris, Drezden kimi şəhərlərin muzeylərində (məsələn
Moskva Dövlət Tarix Muzeyi, Ermitaj muzeyi və s.) saxlanılaraq, başqa xalqlara
məxsus incəsənət nümunələri kimi nümayiş etdirilmişdir.
Çar Rusiyası tərəfindən
Xocalıda (həmçinin Qarabağın bütün ərazisində) ilk siyahıyaalma 1886-cı ildə
həyata keçirilmişdir. Qafqaz canişinliyinin Mülki İşləri Üzrə Baş İdarəsinin
Zaqafqaziya Statistika Komitəsinin 1886-cı ildə Zaqafqaziya diyarı üzrə, ailə
sayına görə keçirdiyi siyahıyaalınmaya əsasən, Xocalıda – Qədim Qışlaq kəndində 34 tüstü (yəni ev – M.N.)
olmuş və burada 192 nəfər (98-i kişi, 94-ü qadın olmaqla) yaşamışdır. Eyni zamanda, mənbədə göstərilir ki,
bu əhalinin hamısı şiə məzhəbli tatarlardır, yəni – türklərdir. Siyahıyaalınmadan məlum olur ki, 9 bəy ailəsində 24 nəfər kişi, 22 nəfər qadın bəy (bəyim)
olmuşdur. Bu kənddəki sahibkar (bəy) torpaqlarında 28 ev, 146 nəfər (74 kişi,
72 qadın) adam yaşamışdır.
1893-cü
ildə Tiflisdə nəşr edilən «Свод статических данных о
населении Закавказского края извлеченных из поселенных списков» adlı kitabda da Xocalıda yaşayan ailələr
haqqında, o cümlədən Xocalının 46 bəyi haqqında məlumat verilir.
Təbiidir
ki, Xocalının o zamankı 46 bəyi, “bəy” titulunu elə-belə qazanmayıb. Onların
kifayət qədər var-dövləti, ən əsası isə Yuxarı Qarabağda (sonralar Dağlıq
Qarabağ adlanan ərazidə) geniş torpaq, otlaq və biçənək sahələri olub. Yuxarıda
adıgedən mənbədə göstərilir ki, Malıbəyli kəndində 9 kişi, 4 qadın bəy (bəyim) olmuşdur (cəmi 13 nəfər). Xocalıda Allahverdi bəyin, Qəhrəman bəyin,
Şükür bəyin adlarını daşıyan bağ yerləri (əsasən tut bağları) bütün xocalılara
yaxşı məlum idi. Sovetlər dövründə bu yerlərin (bağ yerlərinin) böyük bir
hissəsi erməni kəndlərinin ərazisinə qatılıb mənimsənilmişdir.
1921-ci il kənd təsərrüfatı
siyahıyaalınmasında göstərilir ki, Malıbəyli kənd cəmiyyətinin tərkibində 6
kənddən biri olan tatar (yəni türk) Xocalısında təsərrüfat sayı 70, burada
yaşayan adamların sayı – kişilər 128, qadınlar – 190 olmaqla cəmi 318 nəfər olmuşdur.
Qərbi
Azərbaycanda yaşayan soydaşlarımız 1918-1920-ci illərdə Yerli Xocalı
salındıqdan sonra, bu ərazilərə köçməyə məcbur edildilər.
XX əsrin 20-ci və
30-cu illərinin əvvəllərində, Ermənistanın (Qərbi Azərbaycanın) Dərələyəz
mahalından deportasiya edilmiş soydaşlarımız Xocalıya pənah gətirmiş və
onlar Xocalı çayının sağ və Qarqar çayının sol sahilində, Çar Rusiyası dövründə
“Poçt yeri” kimi tanınan ərazidə, Qaçqınlar Xocalısı (sonralar müəyyən dövrlərdə Dərələyəz) adlanan
kəndin əsasını qoymuşdular.
Keçən
əsrin 30-cu illərində əsasən Laçın və Kəlbəcərdən gəlmiş soydaşlarımız, Xocalı
çayının sağ sahilində, Qaçqınlar Xocalısı və Yerli Xocalı kəndinin yuxarı
tərəfində Qaladərəsi Xocalısı adlanan kəndi salmışlar.
Beləliklə,
Sovet hakimiyyəti dövründə Xocalı kəndi, Xocalı çayının sağ və sol, Qarqar
çayının sol sahilində yerləşən üç para kənddən ibarət olmuş, bu kəndlərin üçü də (Yerli Xocalı – Qədim
Xocalı, Qaçqınlar Xocalısı – Dərələyəz və Qaladərəsi Xocalısı) Xocalı kəndi adlandırılmışdır. Bu üç kənd bir sovetlikdə – Xocalı sovetliyində birləşirdi.
XX əsrin 30-cu illərində Xocalıda da kolxoz təsərrüfatı yaranmış,
Xocalı bəylərinin var-dövləti, mal-qarası, torpaq sahələri kolxozun ixtiyarına verilmişdir. Kollektivləşmə dövründə (1930-cu illər) Xocalı bəylərinin
onlarla nəsilləri (dövləti-varı olanı da, olmayanı da) “kulak” adı ilə
repressiya qurbanı olmuş, güllələnmiş, ya da ömürlük Sibirə sürgün edilmişlər.
Bu qurbanlardan biri də XX əsrin əvvəlində Xocalının – Qarabağın ən məşhur
bəylərindən biri Səfiyar bəyin oğlu Abdulla bəy olmuşdur. Abdulla bəy ziyalı,
təhsilli bəylərdən olub, əvvəlcə Qori Seminariyasını, sonra isə Peterburqda
gimnaziyanı bitirmişdir. Bununla yanaşı Usub bəy, Allahverdi bəy, Şükür bəy, Tapdıq bəy, Zülfüqar bəy kimi bəylərlə yanaşı, var-dövləti olmayan
qeyrətli Vətən övladları – Şahbaz oğlu Abdulla, Qamboy və başqaları da repressiya qurbanları olmuşlar. Onu da qeyd edək
ki, Xocalıda yaradılan və sonralar “Şəfəq“ adlanan kolxoz 1950-60-cı illərdə
Respublikamızdakı ən varlı kolxozlardan biri olmuşdur. Kolxozda mal-qara
saxlamaqla yanaşı, tütünçülük və bostançılıqla məşğul olmuşlar.
1964-cü
ilin sentyabrında Xocalıda kolxoz təsərrüfatı ləğv edilmiş, əvəzində “Xocalı
üzümçülük-tərəvəzçilik sovxozu” yaradılmış, 1986-cı ildə isə üzüm bağları ləğv
edilərək, “Xocalı tərəvəzçilik-südçülük sovxozu” yaradılmışdır.
1923-cü
ildə mərkəzi Xankəndi (Ermənilərin Stepanakert adlandırdıqları ərazi) olmaqla
DQMV adlanan inzibati qurum yaradıldıqdan sonra, Xocalı 1978-ci ilə qədər Xankəndi
rayonunun, 1978-ci ildən 1991-ci ilə qədər isə Xocalı kəndi Əsgəran rayonunun
tərkibinə qatılmışdır.
1990-cı
ilin aprelində Xocalı, Azərbaycan hökumətinin qərarı ilə (rayon tərkibində)
şəhər statusu almış, həmin dövrdə Xocalıda aqrar
sənaye birliyi və Rayon Təhsil Şöbəsi yaradılmışdır. DQMV
ərazisində azərbaycanlılar yaşayan bütün kəndlərin kolxoz, sovxoz və təhsil
müəssisələri bu təşkilatlara tabe edilmişdir. Bundan sonra, Xocalıda
quruculuq-abadlıq, şəhərsalma işləri aparılmışdır. 1990-cı illərin
əvvəllərində Qarabağda milli münaqişə son həddə çatdıqdan sonra 1991-ci il
noyabrın 26-da Azərbaycan Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağın Muxtar
Vilayət statusu ləğv edilmiş, Xocalıya rayon statusu verilmiş və keçmiş Əsgəran
rayonunun bütün kəndləri və Xankəndi şəhəri ona tabe edilmişdir.
Məlum
“Xocalı faciəsi”ndən sonra Xocalı Rayon İcra Hakimiyyəti tabeliyində 1 şəhər
– Xocalı, 1 qəsəbə – Kərkicahan, 3 kənd – Kosalar, Meşəli, və Cəmilli İcra
Nümayəndəlikləri məcburi köçkünlük şəraitində fəaliyyət göstərir.
Hazırda
Xocalı rayonunun əhalisi Respublikamızın 54 rayonunda məskunlaşmışdır. Xocalı rayonunun
əsas idarə, müəssisə və təşkilatları rayon əhalisinin kompakt şəkildə məskunlaşdırıldığı
Goranboy rayonu Aşağı Ağcakənd (2001-ci ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə salınmışdır)
qəsəbəsində və xocalılar üçün həmin qəsəbə ərazisində yeni salınmış (2009-cu
ildə “İnkişaf proqram”ına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamına əsasən) Börü, Meşəli və Yuxan Ağcakənd
qəsəbələrində fəaliyyət göstərirlər.
Xocalı
rayon əhalisinin respublikamızın müxtəlif bölgələrində kompakt şəkildə
məskunlaşdığı yerlərdə 12 tam orta və 1 ibtidai məktəb, 1 Uşaq Yaradıcılıq
Mərkəzi, 2 məktəbəqədər tərbiyə müəssisəsi (körpələr evi və uşaq bağçası), 3
mədəniyyət evi, 3 musiqi məktəbi, 1 tarix diyarşünaslıq muzeyi, 29 kitabxana,
17 klub, Xocalı Rayon Mərkəzi Xəstəxanası və Poliklinikası, 4 həkim ambulatoriyası,
9 feldşer-mama məntəqəsi və digər təhsil,
mədəniyyət, səhiyyə ocaqları fəaliyyət göstərir.
Onu da qeyd edək ki, Pənahəli xan tərəfindən
Şuşa qalası tikilərək Qarabağ xanlığının əsası qoyularkən xanlığın idarə olunması,
qorunub-saxlanılması və digər işlərin icra olunmasında Şuşaya aparılmış
Xocalının Cavanşirlər nəsli yaxından iştirak etmişdir. Belə ki, Pənahəli xanın
dövründə xan tərəfindən Qalanın qalabəyisi təyin olunmuş Mirzə Məhəmmədxan bəy
Cavanşir, Pənahəli xanın oğlu İbrahimxəlil xanın dövründə isə əvvəlcə onun
xanımının yanında mirzəlik etmiş, sonra dəftərxana müdiri olmuş, daha sonra xan
tərəfindən xanlığın vəzir-katibi təyin edilmiş Məhəmmədxan bəyin oğlu Mirzə
Camal Cavanşir, Cavanşir qəzasının Xocalı kəndindəndir. Mirzə Camal Cavanşir
ilk Qarabağnamənin, fars dilində yazılmış “Tarixi Qarabağ” əsərinin müəllifidir.
Bu sülalənin sonrakı davamçıları Rzaqulu bəy Mirzə Camal oğlu Vəzirov,
Həsənqulu Rzaqulu oğlu, Qulu Həsənqulu oğlu, Usub bəy Qulu oğlu Cavanşir də
əslən Xocalıdan olub, Məhəmmədxan bəyin bu günümüzə kimi davam edən nəsillərindəndir. Bunlardan başqa, Ağaməhəmməd şah Qacarın Qarabağa hücumu zamanı onun
yüz minlik qoşununun qarşısını Xocalının Əsgəran Qalası yanında kəsən, Qacar
ordusuna qarşı Xocalı düzündə mərdliklə vuruşan, Qarabağ xanlığı qoşununun
başçısı “Batman qılınc” ləqəbli Məhəmməd Cahan pəhləvan da əslən Xocalıdandır. Qədim Qışlaq kəndinin XIX əsrdəki, Yerli Xocalının XX əsrin əvvəllərindəki
əhalisinin əsas hissəsini üç qardaşın – Hacı Zeynal ağanın,
Kərbəlayı Abışın və
Kərbəlayı Feyzinin törəməsi təşkil edir.
Görkəmli
Azərbaycan ədibi Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsərində
Hacı Zeynal ağa, dövrünün görkəmli şəxsiyyəti və Xocalılarının ən varlı
adamlarından biri kimi təsvir olunur. Xocalının yaxşı tanıdığı “Kərbəlayı
Abış qayası”
(Kərbəlayı Abışın adını daşıyan) nəhəng abidə kimi İlis çayının sağ sahilində
yerli Xocalı və ermənilərin məskunlaşdığı Noraguğ kəndi arasında yerləşir.
Qışlaqda
və Yerli Xocalıda – xələflilər, anaxanımlılar, kəngərlilər, cırdaxanlılar,
Qaçqınlar Xocalısında – dərələyəzlilər, çullular, zarıslılar, demokratlar
Qaladərəsi Xocalısında – laçınlılar, kəlbəcərlilər, məhsətilər tayfaları olub
və bu gün də həmin tayfaların davamçıları müxtəlif bölgələrimizdə məskunlaşıb
yaşayırlar.
Xocalı ərazisində Oarqar çayı, Xocalı çayı, İlis
çayı, Qırxqız dağı, Boz dağ, Qarağac bulağı, Əhməd bulağı, Əfrus
bulağı, Azad bulağı, Əyyub bulağı, Rəhim bulağı, Rus bulağı, Nəriman bulağı,
Müseyib bulağı, Ataş bulağı, Söyüd bulağı, Pirəməki və Kətik meşələri, Əsgəran
qalası, Cahan nənənin ocağı, Seyid Cəlal ağanın qəbri,
Çökək məhəllə, Çay məhəllə, Çınqıl məhəllə, Kəngərlilər məhəlləsi, Yuxarı
məhəllə, İlis məhəllə, Qan çanağı məhəlləsi, Zarıslılar məhəlləsi, Fərəcanlı
məhəlləsi, Çullular məhəlləsi, Çınqıl məhəllə, Türklər məhəlləsi, Kürdlər
məhəlləsi, Orta məhəllə, Yeni məhəllə var idi.
Dünyanın müxtəlif bölgələrinə
səpələnmiş ermənilərin Azərbaycana köçürülməsi ilə burada yaşayan xalqların
çətin və məşəqqətli günləri başlamışdır. Azərbaycanın qədim İrəvan xanlığında
Erməni vilayəti yaradıb, sonralar tarixi torpaqlarımızı müxtəlif yollar və
vasitələrə həmin qondarma quruma birləşdirib Ermənistan adlı “dövlət” yaradan
ermənilər və havadarları təəssüflər olsun ki, bununla kifayətlənmədilər. Bütün
XX yüzillik ərzində Azərbaycanın tükənməz və təbii yeraltı və yerüstü təbii
sərvətlərə malik Qarabağ bölgəsinə əsassız ərazi iddiası edən Ermənistan 80-ci
illərin sonlarında ölkəmizə qarşı açıq tətil, nümayiş və ən nəhayət
irimiqyaslı hərbi əməliyyatlara başladı. Azərbaycanda yaranmış dərin siyasi böhrandan
məharətlə istifadə edən arxalı düşmən xalqımızın başına tarixdə misli-bərabəri
olmayan müsibətlər gətirdilər. Bu dövrdə erməni terroru miqyaslı xarakter aldı.
Türk qanına susayan erməni kafirləri elan olunmamış “Qarabağ savaşı”nda
ağsaqqal qocalara, qadınlara, südəmər körpələrə də aman vermədi. Erməni
vandalları tarixdə analoqu olmayan faciələr törətdilər. Belə faciələrdən biri
də, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə vəhşi erməni cəlladları
tərəfindən törədilən Xocalı qırğını idi. Xocalı soyqırımını erməni quldurları
Rusiyanın 366-cı atıcı alayının köməyi ilə törətmişdilər. Ermənilərin Xocalını
əsas hədəflərdən biri kimi seçməsi təsadüfi deyildi. Düşmən xocalını işğal etməklə bir sıra
məqsədlər güdürdü. Belə ki, Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ
keçirmək üçün streteji üstünlük qazanmaq; Regionda yeganə mülki hava limanına
malik olan mühüm kommunikasiya mərkəzini ələ keçirmək; Xocalıda törədilən
soyqırımı ilə psixoloji üstünlük əldə etmək və azərbaycanlıların iradəsini
qırmaq; Xocalıda və ətraf ərazilərdə olan tarixi izlər onların ərazi
iddialarını puça çıxardığı üçün bu şəhəri yer üzündən silmək.
Beləliklə, XX yüzilliyin
sonlarında erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, Xatın və
Sonqımi faşistlərini geridə qoyan Xocalı soyqırımı törədildi. Xocalı müsibəti
ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi genosiddir - soyqırımdır.
Vəhşiləşmiş erməni cəlladlarının məqsədi şəhərin bütün əhalisini məhv etmək
idi. Ancaq sırf təsadüflər nəticəsində xeyli Xocalı sakini tarixə şahidlik
etmək üçün sağ qaldı.
Ermənilərin Azərbaycan xalqına
qarşı törətdikləri genosid – Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən
106 qadın, 83 azyaşlı uşaq, 70 qoca, 76 nəfər yetkinlik yaşına çatmayan oğlan
və qız öldürüldü. 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası
alaraq şikəst oldu. Həmin dəhşətli gecədə 1275 nəfər əsir götürüldü, hansı ki,
həmin əsirlərin 150 nəfərinin taleyi bu gün də, məlum deyil [6, 152].
Erməni quldur dəstələrinin
xüsusi qəddarlıqla törətdikləri bu hərbi cinayət nəticəsində 8 ailə tamamilə
məhv edilmiş 25 uşaq hər iki valideynlərini, 130 uşaq isə valideynlərindən
birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla
diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri
çıxarılmış, dişləri və dırnaqları çəkilmiş, hamilə qadınların qarnı deşik-deşik
edilmişdir [13, 42]. Bütün bu qeyri-insani əməllər XX əsrin sonlarında dünyanın
gözü qarşısında özlərini “mədəni” və “məzlum” xalq kimi tanıtmağa çalışan vəhşi
ermənilər tərəfindən törədilmişdir.
Çox təəssüflər olsun ki,
Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və etnik təmizləmə
siyasəti Xocalı soyqırımı ilə başa çatmadı. Ermənilər xarici havadarlarının
köməyi və fitvası ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər, bir
milyondan artıq azərbaycanlını öz tarixi dədə-baba yurdlarından didərgin
saldılar.
Xocalıda azərbaycanlılara
qarşı törədilmiş bu amansız və kütləvi qırğına, tarixi cinayətə ilk hüquqi
siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir.
Prezident Heydər Əliyev 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının
xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında fərman” imzalamışdır. Həmin
Fərmanda göstərilir: “1992-ci il fevral ayının 26-da Ermənistan silahlı
qüvvələri Azərbaycan xalqına qarşı misli görünməmiş Xocalı soyqırımını
törətmişlər. Bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının
Azərbaycan dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü
irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına
deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi
qalacaqdır.
Xocalı soyqırımı qurbanlarının
xatirəsini yad etmək məqsədilə qərara alıram:
Hər il fevral ayının 26-sı
saat 1700-da Azərbaycan Respublikasının ərazisində Xocalı
soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan
edilsin”... “Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir.
Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer
kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı
soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli dünya ictimaiyyətinə
çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların
bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü
iş aparılmalıdır”.
Xocalı şəhəri işğal edildikdən sonra Ermənistan Silahlı birləşmələrinin
əsarəti altında qalan, qarət edilən, yandırılan tarixi abidələr və
maddi-mədəniyyət nümunələri aşağıdakılardır: Daş qutu nekropolu – tunc dövrü (Xocalı şəhəri Əsgəran dağı); Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda); Xocalı kurqanları – ilk tunc və dəmir dövrü (Xocalı rayonu); Küp qəbirlər nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində); Kurqan – dəmir dövrü (Xankəndi
yaxınlığında); Xankəndi kurqanları – tunc dövrü (Xankəndidən şimalda); Xaçınçay kurqanları – ilk tunc və orta tunc dövrü (Seyidli kəndindən şimal-şərqdə); Küp qəbirləri nekropolu – tunc dövrü (Armudlu kəndindən
2 km. İlis kəndinə tərəf); Kurqan – tunc dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində); Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbiristanlığın yaxınlığında); Köhnə qəbiristanlıq – tunc dövrü (çanaqçı kəndi); Daş qulu
nekropolu – dəmir dövrü (Saruşen
kəndi); Daş qulu nekropolu dəmir dövrü (Saruşen kəndi, dağın ətəyində);
Dairəvi məbəd – 1356-1357-ci il
(Xocalı şəhəri); Türbə – XIV əsr
(Xocalı şəhəri); Alban məbədi –
1100-ci il (Çanaxçı kəndi); Alban məbədi – 1065-ci il (Çanaxçı kəndi); Alban məbədi – 1905-ci il (Şuşa kəndi); Alban məbədi – 1122-ci il (Xansıx kəndi); Alban məbədi – 1100-ci il (Xaçmaz kəndi); Alban məbədi – 1202-ci il (Armudlu kəndi); Qala – X əsr (Maşxmaat kəndi); Qırxlar qalası – orta əsrlər (Badara kəndi); Məbəd kompleksi
– VII əsr (Badara kəndi) [29]. Hazırda işğal zonasında geniş miqyasda qanunsuz arxeoloji qazıntı
işləri aparılır və tapıntılar Ermənistana daşınır.
Xocalı rayonu ərazisində təsdiq edilmiş ehtiyatları uyğun
olaraq 32 min kub m. və 2039 min kub m. olan və istismara cəlb olunan Zərinabağ
və Ağçay üzlük daşı yataqları, ehtiyatları 12434 min ton olan və istismara cəlb
olunan, qırmadaş və əhəng istehsalına yararlı Şuşa əhəngdaşı yatağı, 962 min
kub m. Ehtiyatlara malik, kərpic istehsalına yararlı Xocalı gil yatağı, ehtiyatları
7280 min kub m. olan Xankəndi qum-çınqıl qarışığı yatağı, istismar ehtiyatları
9 min kub m. gün olan Xankəndi yeraltı şirin su yatağı mövcuddur. Xocalı rayonu
ərazisində, Badara çayı hövzəsində “yeddi kilsə” adlanan yerdə Xankəndi meşə
təsərrüfatının tabeliyində olan Pirkal meşəçiliyində fıstıq-palıd meşələri
xüsusi olaraq qorunurdu [29].
Xocalı
rayonunun Seyidbəyli kəndinin şimal-şərqində Xaçınçayda tapılmış kurqan Erkən
Tunc dövrünə aid olub, 1-2,5 m
hündürlüyündə və 10-20 m
diametrində olması ilə diqqəti cəlb edirdi. Bu kurqan düzbucaqlı və trapes
formalı müdafiə mərkəzindən ibarət idi. Bu gün həmin, maddi-mədəniyyət
nümunəsi də erməni vandalizminin qurbanı olmuşdur.
Hazırda ermənilər işğal
altındakı Xocalı ərazisində təbiətə vəhşicəsinə ziyan vururlar. Meşələrdəki
qiymətli ağaclar kütləvi surətdə doğranaraq Ermənistana daşınır.
Torpaqlarımızda gizli şəkildə narkotik maddələr əkilib becərilir, terrorçu
dəstələr hazırlanır.
Xeyli vaxtdır ki, Qarabağ
torpaqlarının düşmən tapdağından azad edilməsi üçün danışıqlar aparılır. Bu
danışıqlarda iri dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar iştirak edirlər.
Azərbaycan dövləti torpaqlarımızda yenidən müharibə başlamasını, qan
tökülməsini istəmir, çalışır ki, sülh danışıqları nəticə versin. Danışıqlarda
Azərbaycanın nümayiş etdirdiyi mövqe haqq-ədalət mövqeyidir. Azərbaycan
dövləti heç bir ölkəyə qarşı ərazi iddiası irəli sürmür, eyni zamanda öz
torpaqlarımızın bir qarışının da düşmən tapdağında qalmasına imkan verməyəcək.
Azərbaycan Respublikasının
Prezidenti çıxışlarından birində açıq şəkildə bəyan etmişdir: “...Azərbaycan
heç vaxt Dağlıq Qarabağın itirilməsinə razılıq verməyəcək, nəyin bahasına olursa-olsun,
doğma torpaqlarını azad edəcək, ərazi bütövlüyünü bərpa edəcəyik... Dağlıq
Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər oraya XIX əsrin əvvəllərində
köçürülmüşlər. Bir dəfə Azərbaycan, türk torpağında erməni dövləti yaradılıb,
burada ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt imkan vermərik”.
“Müqəddəs yurd: Xocalı” adlı kitabdan